1.11.2013

Azərbaycanda güzəştli maliyyələşdirmənin 70 faizindən çoxu aqrar sektora ayrılıb


İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF) 2013-cü ilin yanvar-sentyabr aylarında 245,2 milyon manat dəyərində 3527 layihəni maliyyələşdirib. Trend-in məlumatına görə, bu barədə cümə günü Fondun rəsmi mətbuatda dərc edilmiş balans hesabatında deyilir. Hesabata əsasən, SKMF-nin güzəştli kreditləri hesabına bu layihələrin həyata keçirilməsi 10 168 yeni iş yerinin yaradılmasına kömək edəcək. Bu yeni iş yerlərinin 71,4 faizinin kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində yaradılacağı nəzərdə tutulur. SKMF yanvar-sentyabr aylarında müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahəsində 82,13 milyon manat dəyərində 142 layihəni maliyyələşdirib. Kənd təsərrüfatı məhsullarının emalı sahəsində 9 layihənin həyata keçirilməsinə 32,67 milyon manat, kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində isə 3369 layihəyə 122,91 milyon manat ayrılıb. Hesabat dövrü ərzində Fond 41,86 milyon manat dəyərində (verilmiş kreditlərin ümumi portfelinin 97,9 faizi) 3452 kiçik həcmli kredit (kreditlərin ümumi sayının 97,4 faizi) ayırıb. Bu dövr ərzində 200,72 milyon manat məbləğində (81,9 faiz) 57 irihəcmli kredit (1,6 faiz) ayrılıb. SKMF bu il 250 milyon manat dəyərində kredit ayırmağı planlaşdırır, bu vəsaitdən 100 milyon manat kreditlərin geri qaytarılması, qalan 150 milyon manat isə dövlət büdcəsinin vəsaitləri hesabına təmin ediləcək. ("Trend" informasiya agentliyi)