5.11.2013

“Huawei” şirkəti Azərbaycanda smartfonların satışı ilə bağlı tədqiqat aparıb

Smartfon seçimi zamanı dizayn azərbaycanlı istehlakçılar üçün əsas amildir. Bu haqda “Huawei” şirkətinin Azərbaycanda həyata keçirdiyi tədqiqatda deyilir. Tədqiqatda qeyd olunmuşdur ki, smartfonun seçilməsi zamanı Azərbaycan istehlakçıları əsasən xarici görünüşə diqqət yetirir. Smartfonun seçilməsi zamanı ikinci mühüm amil onun texniki göstəriciləridir. Maraqlıdır ki, Azərbaycan istehlakçısı əsasən ən qabaqcıl texnoloji yeniliklərə malik olan smartfonlara üstünlük verir. İstehlakçıların 70 faizdən çoxu ən son buraxılan smartfonlarda deyil, məhz əvvəlki smartfonlarda olan texniki göstəricilərlə kifayətlənə bilərlər. Tədqiqat göstərir ki, əgər əvvəllər Azərbaycan istehlakçısı dəbli brendlərə üstünlük verirdisə, son illər üstünlük ən optimal keyfiyyət və qiyməti olan smartfonlara verilir. Bu seçim Azərbaycan bazarında brendlərin sayını artırır. “Huawei” şirkətinin Azərbaycan üzrə nümayəndəliyinin rəhbəri Quo Syaobinqin demişdir ki, Azərbaycan bazarında daha geniş funksionala və ən son texnologiyalara malik olan dəbli smartfonlara tələbat olduğu üçün yeniliklərimizi Azərbaycan bazarında təqdim edirik. Onun sözlərinə görə yaxın illərdə “Huawei” şirkətinin mobil cihazları Azərbaycanda daha da məşhur olacaqdır. (AzərTAc)