23.03.2013

DəmirBank korporativ idarəetmə standartları üzrə birinci oldu

AgahMedia.Com informasiya  portalının  "DəmirBank"a  istinadən məlumatına görə, DəmirBank Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Azərbaycan şirkətlərinin korporativ idarəetmə standartlarına uyğunluğunun qiymətləndirilməsinə görə ən yüksək nəticə əldə edib. Belə ki, 33 şirkət arasında keçirilən qiymətləndirmənin yekunlarına əsasən reytinq tərtib edilib və DəmirBank 98,5% göstərici ilə siyahıda ilk yeri tutub.
Bu reytinq DəmirBank-ın fəaliyyətinin şəffaflığı, məlumatların açıqlanması, illik və digər hesabatların dərci, səhmdarların hüquqlarının təminatı, dividentlərin ödənişi, kapitalın artırılması, idarəetmə strukturu və digər məsələlər barədə vəziyyəti əks etdirir. Bankın səhmləri Bakı Fond Birjasının birinci səviyyəli kotirovka vərəqəsinə də daxildir.
Məlumat üçün bildirək ki, DəmirBank həmçinin 2010-cu ildə “Standard & Poor's” beynəlxalq agentliyinin Azərbaycan bank sektorunda “Korporativ İdarəetmə Standartları” sahəsində keçirdiyi araşdırmanın nəticələrinə əsasən də şəffaflıq və məlumatların açıqlanması üzrə ilk 5 bank sırasında yerləşmişdir.
DəmirBank korporativ idarəetmə standartlarının tətbiqinə və inkişafına böyük önəm verilir. Son illərdə Bankda korporativ idarəetmə standartlarının inkişafı üzrə müxtəlif layihələr üzrə geniş işlər həyata keçirilib. Bank həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Maliyyə Korporasiyası, USAID və digər təşkilatların beynəlxalq proqramları üzrə texniki dəstək imkanlarından istifadə edib. Bu işlər strateji planlaşdırma, risklərin idarə edilməsi, daxili audit, maliyyə idarəetməsi və hesabatlılıq, insan resursları, informasiya texnologiyaları və sair sahələri əhatə edib.
Ölkənin ilk banklarından olan DəmirBank 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

Qaynaq link: http://agahmedia.com/2013/03/07/dəmirbank-korporativ-idarəetmə-standartlari-uzrə-birinci-oldu/