22.12.2012

Azərbaycanda mobil telefon istehsalı aktuallaşır

Azərbaycanda ən gəlirli sahələrdən biri olan mobil telefon bazarı demək olar ki, tamamilə idxaldan asılıdır. Regionda ən böyük mobil telefon bazarının olduğu ölkəmiz mobil telefon istifadəçilərinin sayına görə, dünyanın qabaqcıl ölkələrindən hesab olunur. Məlumatlara görə, ölkədə 100 nəfərə 110 mobil telefon düşür. 2009-cü ildə bu göstərici 100-ün 78,5 olan nisbətində idi. Hələ üç il bundan öncə ölkəmiz mobil telefon istifadəçilərinin sayına görə, dünya üzrə orta göstəricini 35 faiz qabaqlayırdı. Əhalinin mobil telefonlara olan tələbatını nəzərə alaraq, bazarda toplanın gəlirlərin böyük faizinin istehsalçı olan xarici şirkətlərin büdcəsinə axdığını söyləyə bilərik. Əhalinin alıcılıq qabiliyyətinin getdikcə yüksəlməsi, həmçinin ölkədə sahibkarlığın inkişafına dövlət qayğısının artması yerli mobil telefon istehsalını da gündəmə gətirir.
Qonşu Gürcüstan müvafiq bazarının kiçik olmasına baxmayaran gələn ildən etibarən mobil telefon istehsalına başlayacağını bəyan edir. Ekspertlər hesab edirlər ki, Azərbaycanda da mobil telefon istehsalı müəssisələrinin yaradılması məqsədəuyğundur. Qeyri-neft sektorunun əsas sahələrində sayılan informasia-texnologiyaları, maşınqayırma sənayesi artıq ölkməizdə inkişaf mərhələsinə qədəm qoymaqdadır. İstehsalı daha asan başa gələn mobil telefon istehsalı müəssisələrinin yaradılmsı, onların işlədilməsi üçün kifayət qədər daxili potensial mövcuddur. Texnoloji yenilikləri daha tez qavrayan gəncliyi bu prosesə cəlb etməklə yaxın gələcəkdə telefon istehsalı sahəsində uğurlar qazanmaq mümkündür. İqtisadçı ekspert Zöhrab İsmayılın sözlərinə görə, Azərbaycanda mobil telefon istehsalı müəssisələrnin yaradılması mümkündür: "Doğrudur, hazırda mobil telefon bazarı doymuş haldadır. Yüksək partiyada yeni buraxılış məhsullar idxal olunmur. Amma mobil telefona daim tələbat olacaq. Çünki istifadədə olan telefonlar müəyyən müddət keçdikdən sonra sıradan çıxır, onun yenisilə əvəzlənməsi meydana çıxır. Məhz bu təlabatı ödəyəcək yerli müəssisələrimiz olmalıdır. Dövlət bu prosesə dəstək verə bilər. İlk olaraq xaricdən mütəxəssislər cəlb olunmalıdır. İstehsal olunacaq mobil telefon rəqabətə dözümlü olmalıdır. Bunun üçün isə yüksək səviyyəli texnoloqlara ehtiyacımız var. xarici ölkələorin texnoloji universitetlərinə, kurslarına tələbələr göndərməliyik. Muasir avadanlıqlar alınmalıdır. Bazar öyrənilməlidir. Bir sözlə, bu çətin, amma mümkün olan istehsal sahəsidir". Z.İsmiayıl onu da bildirdi ki, əgər mobil telefon istehsalı ilə məşğul olan müəssisələr yaradılarsa, az müddət sonra regionun uyğun bazarında aparıcı gücə çevrilə bilərik: "Rusiya, onun bir hissəsi olan Dağıstanda bu sahədə böyük boşluq var. İrana mobil telefon istehsal edə bilərik. Olduqca gəlirli sahədir. Təəssüflər olsun ki, bizdə bu cür müəssisələri yaradacaq müstəqil sahibkarlar mövcud deyil. Təşəbbüslər daha çox dövlətdən gəlir". Ekspert qeyri-neft sektorunu inkişaf etdirmək və yeni iş yerlərinin açılması baxımından yeni sənaye müəssisələrinin yaradılmasını vacib sayır: "Neftdən sonra bizim güvənə biləcəyimiz istehsal sahəsi informasiya-texnologiyalarıdır. Bu istiqamətdə müəyyən uğurlarımız var. uğurların sayını artırmaq üçün məhz yeni sənaye müəssisələrinin yaradılması vacibdir".  

(Qaynaq: Xəzər TV)