19.12.2012

Məşhurların şəxsi adaları...

Bir vaxtlar məşhurlar bahalı malikanə və yaxta almaqda bir-biri ilə yarışırdılar. İndi isə, deyəsən, tanınmış simalar öz milyonlarını xərcləməyə başqa yer tapıblar. Belə ki, məşhurlar və milyarderlər arasında son zamanlar şəxsi ada alanların sayı artıb.
Onların bəziləri sadəcə tənha adada yaxşı istirahət etmək üçün, bəziləri orada otel və digər infrastruktur tikmək üçün, bəziləri isə sadəcə “qara günə” sərmayə kimi ada alırlar. Gəlin, dünyanın ən bahalı şəxsi adalarının siyahısına nəzər salaq. Bu siyahıda 10 ada yer alıb və onların sahibləri də gəlirlərinə və şöhrətinə görə bir-birindən geri qalmırlar. AgahMedia.Com informasiya portalının “ANS PRESS”-ə istinadən məlumatına görə, siyahıda 1-ci yerdə “Oracle” şirkətinin direktoru Lari Ellisonun Havay adalarındakı 500-600 milyon dollarlıq adasıdır. 2-ci yerdə milyarder Roman Abramoviçin “Yeni Hollandiya” adlanan 365 milyon dollarlıq süni adası gəlir. 3-cü yerdə yunan sülaləsi Onassislərə məxsus 125-200 milyon dollar dəyərində “Skorpios” adasıdır. 4-cü yerdə “Virgin” şirkətinin direktoru Riçard Brensona məxsus 120 milyon dollarlıq “Neker” adlı şəxsi adadır. 5-ci yerdə sehrbaz Devid Kopperfildə məxsus 50-65 milyon dollar dəyəri olan və Baham adalarında yerləşən 4 kiçik ada gəlir. 6-cı yerdə Hollivud aktyoru Mel Qibsonun dəyəri 15 milyon dollar olan və Fici arxipelaqında yerləşən şəxsi adası gəlir. 7-ci yerdə milyarder Bill Qeytsin “Microsoft” şirkətindəki ortağı Pol Allenə məxsus olan və Vaşinqtonda yerləşən 13,5 milyon dollarlıq ada gəlir. 8-ci yerdə “Formula-1″ yarışçısı Mixail Şumaxerin dəyəri 7 milyon dollar olan və Dubayda yerləşən şəxsi adası qərarlaşıb. 9-cu yerdə Hollivud aktyoru Conni Depə məxsus və Baham adalarında yerləşən 3,6 milyon dollarlıq şəxsi adadır. Siyahıda 10-cu yerdə isə daha bir Hollivud ulduzu Leonardo Di Kaprionun Karib dənizində yerləşən və dəyəri 1,75 milyon dollar olan şəxsi adası qərarlaşıb.