AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə,Ukraynada hökümət işçiləri üçün tətbiqi nəzərdə tutulan geyim qaydaları çoxlarının təəccübünə və ictimai müzakirələrə səbəb olub. Yeni geyim forması qaydaları ötən həftə dərc edilib.
Bu qaydalarda qadınların geydiyi paltarların uzunluğu, hətta onların istifadə etdikləri ətir və digər parfümeriyanın miqdarına dair məsləhətlər verilir. Ukraynanın dövlət qulluqçuları və hökümət tərkibində çalışan işçilərə yeni geyim qaydaları tövsiyyə olunub. Ölkənin əvvəlki administrasiyasında adi olan əlvan, dəbdəbəli və açıq geyimlər artıq keçmişdə qalır. Daha solğun rəngli və bəsit formalar gəlir.
Ukrayna Nazirlər Kabinetinin rəhbəri Anatoliy Tolstouxov hökümətin rəsmi vebsaytında jurnalistlər daxil hökümətin tərkibində və hökümətlə işləyən hər bir kəs üçün yeni geyim qaydalarını dərc edib. Bu qaydalarda hətta geyimlərin uzunluğu və digər detallar qeyd olunub. Misal üçün, qadınlara məsləhət görülür ki, kəskin ətirli parfümeriyadan yalnız günün ikinci yarısı, axşam istifadə edilsin. Onlara həmçinin qısa ətəkli və dar, habelə bədənin müəyyən yerlərini açan don geyməyə icazə verilmir. Ayaqqabıya gəldikdə üstünlük yastı daban və ya çox da hündür dabanlı olmayan ayaqqabıya verilir.
Kişilərə isə verilən məsləhətlər bir qədər sadədir. Onlar ayaqqabının üstündə bir qat verən şalvar və qollarının uzunluğu biləyə qədər olan pencək geyməlidirlər. Qayadlarda bu da deyilir ki, kişilər eyni paltarı iki gün dalbadal geyməməlidirlər.
Amma deyəsən bu qaydalar "shpilka", yəni mizdaban ayaqqabı geyən qadınlara təsir etməyəcək.
Yeni geyim qaydaları yerli mətbuatda müxtəlif məzmunlu məqalələrin dərc edilməsinə təkan verib. Dəbdəbəli paltarlar geyməsi ilə tanınan sabiq baş nazir Yuliya Timoşenko deyir ki, yeni geyim qaydalarına görə, İngiltərə Kraliçası Ukrayna hökümətində qəbul edilməməlidir.