6.10.2010

Türkiyədə erməni silahlıları tərəfindən öldürüldüyü güman edilən türklərin kütləvi məzarlıqları aşkar edildi

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, son günlərdə Türkiyənin müxtəlif bölgələrində erməni silahlılar tərəfindən ötən əsrin əvvəllərində öldürüldüyü güman edilən türklərin kütləvi məzarlıqları aşkar edilib.
Bitlis bölgəsində 3 ay davam edən qazıntı işləri dünən tamamlanıb.Məzardan çıxarılan 5 nəfərin sümükləri təhqiqatların davam etdirilməsi üçün Ankaraya gətirilib.Bitlisin Saray məhəlləsindəki kütləvi məzarlıqda aparılan qazıntı işləri nəticəsində 8 skelet, üzərində latın rəqəmləri və yazılar olan 5 mərmi aşkar edilib. Qazıntılarda iştirak edən Pamukkale Universitetinin professoru Kadir Bektaş bildirib ki, kütləvi məzarlıqda aşkar edilən insan sümükləri müsəlmanların öldürüldüyünü təsdiq edir. Onun sözlətinə görə, həmin bölgədə bir ailənin qətl edildiyinə dair məlumatlar var.O, deyir ki, erməni silahlı dəstələri evi yandırdıqda ailənin qaçmağa çalışan üzvləri güllə ilə vurularaq öldürülüb.Cənab Bektaşın fikrincə, qazıntı yerində aşkar edilən Rusya istehsallı güllələr də çox şeyi deyir.
Cəsədlərin qalıqları, Ankarada aparılacaq təhqiqatlardan sonra yenidən həmin məzarlıqda dəfn ediləcək.Bu arada, Türkiyənin Ərdahan vilayətinin Karagöl məhəlləsində çökən bina tikintisi üçün bünövrə qazıntısı vaxtı kütləvi məzarlıq tapılıb. Kütləvi məzarlığın ermənilər tərəfindən qətliyama məruz qalan yerli türklərə aid olduğu güman edilir. Tapılan insan sümükləri məhkəmə-tibb ekspertizasına göndərilib. Məhəllədə yaşayan bəzi yaşlı sakinlər isə həmin yerdə ermənilər tərəfindən öldürülən türklərə aid şəhidlər xiyabanı olduğunu bildiriblər. Ötən ay Qarsın Çatma kəndində də 1918-ci ildə erməni dəstələri tərəfindən öldürüldüyü güman edilən müsəlman türklərin məzarının Tpıldığı xəbər verilir.