6.10.2010

AŞ PA-nın payız sessiyasında Dağlıq Qarabağ münaqişəsinə dair yazılı sənəd yayılıb

“Ərazisinin 20 faizinin Ermənistan tərəfindən işğal edilməsinə, bir milyona yaxın vətəndaşının qaçqın və məcburi köçkünə çevrilməsinə, minlərlə itki verməsinə baxmayaraq, Azərbaycan münaqişənin hərbi vasitələrə əl atmadan həll edilməsinə ardıcıl olaraq səy göstərir.” AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ölkəmizin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin yaydığı sənəddə belə deyilir.«Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin sürətləndirilməsi zərurəti" adlanan sənəddə həmçinin bildirilir ki, AŞ PA-nın 1416 saylı qətnaməsi də Dağlıq Qarabağ və onun ətrafındakı daha 7 Azərbaycan rayonunun Ermənistan tərəfindən zəbt olunması, azərbaycanlılara qarşı etnik təmizlənmə aparılması, Dağlıq Qarabağda separatçı rejimin mövcudluğunu göstərməklə yanaşı, münaqişənin diplomatik vasitələrlə, sülh yolu ilə həllini vacib sayır. ATƏT-in Minsk Qrupunun problemin tezliklə həllini nəzərdə tutan yenilənmiş Madrid prinsipləri ilə əlaqədar təkliflərinə Ermənistanın cavab verməməsi və 2010-cu ilin yayından etibarən, atəşkəs rejimini bütün təmas xətti boyunca mütəmadi şəkildə pozması narahatlıq doğurur. Ermənistan sülh sazişi əvəzinə diqqəti 1994-cü ildə münaqişənin kardinal şəkildə həllini sürətləndirmək məqsədilə müvəqqəti vasitə kimi qəbul edilmiş atəşkəs rejiminin təkmilləşdirilməsi məsələsinə yönəldir. Sənəd müəlliflərinin fikrincə, "nə sülh, nə müharibə" variantı, nəticəsiz danışıqlar əbədi davam edə bilməz. Bu, müharibə təhlükəsi vəd etməklə Cənubi Qafqazda, bütövlükdə Avropada sülh və sabitliyin gələcəyi üçün ciddi təhlükələr yaradır.Azərbaycan nümayəndə heyəti Assambleya üzv dövlətlər arasında münasibətlərin bu səviyyəsinin arzuolunmazlığını bir daha bəyan edərək, Dağlıq Qarabağ münaqişəsinin diplomatik vasitələrlə, sülh yolu ilə həllinin reallaşması istiqamətində konkret səyləri artırmağın zəruriliyini vurğulayır”. APA-nın Avropa müxbirinin məlumatına görə, yazılı bəyannamə şəklində tərtib olunan sənəd ingilis, fransız dillərində nəşr edilərək Avropa Şurasında yayılıb.