6.10.2010

Şimali Qafqazın inkişaf strategiyası dərc olundu

Rusiya hökuməti tərəfindən təsdiq olunmuş Şimali Qafqazın 2025-ci ilə kimi inkişaf strategiyası dərc olunub. Burada 2025-ci ilə kimi bölgədə əhalinin gəlirlərinin xeyli artırılması, bölgənin turizm mərkəzinə çevrilməsi, rus əhalisinin geri qaytarılması və digər məqsədlər qoyulur.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, bildirilir ki, hazırda Şimali Qafqaz ölkənin ən geridə qalan və qeyri-sabit bölgələrindəndir. 2025-ci ilə kimi Şimali Qafqazın inkişaf strategiyası 100 səhifədən artıq həcmi olan geniş bir sənəddir. Burada Şimali Qafqazın ən problemli bölgələrdən olması haqda bəhs edilir, vəziyyətin dəyişdirilməsi yolları açılır və əsas məqsədlər qoyulur. Əsas məqsədlər isə belədir: 15 ildən sonra Şimali Qafqaz Rusiya və MDB-də ən aparıcı turizm mərkəzlərindən olmalıdır, bölgə Rusiyanı Aralıq dənizi hövzəsi və Cənubi Qafqaz ölkələriylə birləşdirən inkişaf etmiş nəqliyyat qovşağı olmalıdır.
Bu vaxta əhalinin gəlirləri xeyli artmalıdır, aylıq orta gəlir hazırkı təxminən 300 dollardan 800 dollara qalxmalıdır. İşsizlik 5 faizə kimi endirilməlidir. Yəni ümumən bölgə daimi yaşayış üçün cazibədar bir ərazi olmalıdır.
Miqrasiya ilə bağlı xüsusi siyasətin aparılacağı zənn edilir. Məsələn, xüsusi agentlik bölgədəki işçi qüvvəsini Rusiyanın başqa bölgələrində işə düzəltməklə və əksinə kənardan işçiləri gətirməklə məşqul olmalıdır. Habelə bölgədəki rus əhalisinin çıxmasının qarşısının alınması və köçənlərin geri qaytarılması zərurəti qeyd olunur. Rusiya hökuməti son zamanlar Şimali Qafqazın ən ağrılı bölgə olmasını açıq bildirir. Burada sabitsizliyə qarşı ancaq qüc yoluyla mübarizə aparılması, rəylərə görə, istənilən səmərəni vermir. Odur ki, indi hökumət iqtisadi məqama vurğu edir ki, Rusiyanın ən geridə qalan bölgələrindən olan Şimali Qafqazın sosial durum nisbətən yaxşılaşsın.