AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi uşaqlar üçün yüksək səviyyəli cizgi filmləri yaratmaq, kino dramaturgiyasının bu növünə yeni qüvvələr cəlb etmək məqsədilə 2010-cu il oktyabrın 1-dən dekabrın 15-dək uşaq cizgi filmləri üçün ssenari müsabiqəsi elan edib.
Müsabiqənin əsas şərti – ssenarilərin uşaqlar üçün maraqlı olmaqla, milli motivlər və xalqımıza məxsus mənəvi-əxlaqi dəyərlər üzərində qurulmasıdır.Birinci yeri tutan ssenari 2011-ci ildə dövlət sifarişi ilə çəkiləcək. Müsabiqənin reqlamentinə görə 2 ikinci və 3 üçüncü yerləri qazanmış müəlliflərin hər birinə müvafiq olaraq 500 və 300 manat mükafat veriləcək.Müsabiqəyə təqdim olunan ssenarilər 10 dəqiqəlik cizgi filmi üçün nəzərdə tutulmalı, ssenarinin həcmi 14 ölçülü “Arial” şrifti ilə üç səhifəyə qədər olmalıdır.Müsabiqəyə təqdim olunan ssenarilər müəlliflər tərəfindən adı və soyadı göstərilməklə imzalanmalı və əlaqə telefonları qeyd edilməlidir.Hər bir iştirakçı müsabiqəyə bir və daha çox ssenari təqdim edə bilər.
Müsabiqəyə təqdim olunan işlər Mədəniyyət və Turizm Nazirliyinin ünvanına göndərilir: AZ1000, Bakı şəhəri, Hökumət evi, 3-cü mərtəbə, otaq 329. Əlaqə telefonları: 493-21-15, 498-20-46.
Qaliblərin adları 2010-cu il dekabrın 28-dək www.mct.gov.az saytında və “Mədəniyyət qəzaetində” açıqlanacaq.