11.10.2010

Səfər Əbiyev İranın müdafiə nazirininə bəzilərinin sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan edə-edə işğalçıya iqtisadi və hərbi yardım göstərdiyini bildirdi

Azərbaycan Respublikasında rəsmi səfərdə olan İran İslam Respublikasının müdafiə naziri Əhməd Vəhidi oktyabrın 11-də Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə geniş tərkibli və təkbətək görüş keçirib.
AgahMedia.Com portalının “Mediaforum”-a istinadən məlumatına görə, görüşdə ölkələr arasında hərbi əməkdaşlıq məsələləri müzakirə edilib. Səfər Əbiyev bildirib ki, hökumətlər arasında 2005-ci ildə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalandıqdan sonra ayrı-ayrı nümayəndə heyətlərinin və işçi qruplarının görüşləri həyata keçirilib. Regionda əməkdaşlığın inkişaf etdirilməsi üçün sabit şəraitin olmasını vacib sayan Səfər Əbiyev qeyd edib ki, Azərbaycan bölgədə sülhün, əmin-amanlığın hökm sürməsini istəyir: “Amma əfsuslar olsun ki, hələlik buna nail ola bilmirik. Regionda təhlükəsizliyin təmin edilməsinə problem törədən ən böyük maneə Ermənistanın Azərbaycana təcavüzüdür. Ermənistanın təcavüzkar siyasəti regionda əsas gərginlik mənbəyidir”.Səfər Əbiyev bildirib ki, buna əsas səbəb bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan edə-edə işğalçıya iqtisadi və hərbi yardım göstərməsidir.Görüşdə Azərbaycanın İrandakı fövqəladə və səlahiyyətli səfiri Cavanşir Axundov iştirak edib.