26.10.2010

Parlament seçkilərini izləmək üçün 581 nəfər beynəlxalq müşahidəçi qeydiyyatdan keçib

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib. AgahMedia.Com portalının "SƏS" agentliyinə istinadən məlumatına görə, iclasda ilk olaraq səlahiyyətli nümayəndələrin və vəkil edilmiş şəxslərin qeydiyyatı məsələsinə baxılıb. Daha sonra 2010-cu il noyabrın 7-nə təyin olunmuş Azərbaycan Milli Məclisinə seçkilərlə əlaqədar fərdi namizədlərdən, blok və partiyalardan namizədliyini irəli sürən şəxslərin müraciətlərinə də baxılıb və müvafiq qərarlar qəbul olunub.
MSK sədri Məzahir Pənahov namizədliyi qeydə alınan 42 nəfərin namizədlikdən imtina etdiyini və hal-hazırda 692 nəfərin namizəd olaraq qeydiyyatda olduğunu söyləyib. Seçki bülletenlərin çapı və paylanması ilə bağlı məlumat verən MSK sədri bülletenlərin çapına və dairə seçki komissiyalara paylanması prosesinə oktyabrın 29-da yekun vurulacağını bildirib. MSK-nın bu prosesə ciddi şəkildə nəzarət etdiyini deyən qurum sədri bu gün daha 46 seçki dairəsinə seçki bülletenlərinin yola salındığını qeyd edib. O, prosesin ilk günündə 11 seçki dairəsinə bülletenlərin verildiyini xatırladıb.
Seçkiləri izləyəcək müşahidəçilərlə bağlı məlumat verən M.Pənahov indiyədək Komissiyada qeydiyyatdan keçən beynəlxalq müşahidəçilərin sayının 581 olduğunu bildirib. Onlardan 50-nin Avropa Şurası Parlament Assambleyası, 10-nun Türk Ölkələrin Parlament Assambleyası, 319-nun MDB, 31-nin ABŞ səfirliyi, 168-nin ATƏT-in İnsan Hüquqları və Demokratik Təsisatlar Bürosunun, 3-nün isə Bolqarıstan səfirliyinin müşahidəçilərinin olduğunu qeyd edən MSK sədri ümumilikdə 42 ölkənin müşahidəçilərinin qeydə alındığını söyləyib.
MSK sədri ölkə ərazisındə müşahidə aparmaq üçün 1705 nəfərin müraciət etdiyini və bütün müraciətlərin müsbət cavablandırıldığını deyib. M.Pənahov ümumilikdə 25 min nəfərə yaxın şəxsin müşahidəçi olaraq seçkilərdə iştirak edəcəyini diqqətə çatdırıb.