Mərkəzi Bankın sədri Elman Rüstəmov ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyatı üzrə müavini Stüart Livinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, görüş zamanı Azərbaycanla ABŞ arasında çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində əməkdaşlıq müzakirə edilmişdir. Görüşdə Mərkəzi Bankın sədri Elman Rüstəmov ölkəmizin ABŞ-la ikitərəfli münasibətlərinin intensiv inkişaf edən istiqamətlərindən birinin çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə olduğunu qeyd etdi. “Azərbaycan 2002-ci ildən bu təşəbbüslərə qoşulub və bu əməkdaşlığın real nəticələrini görürük. Əminik ki, Sizin gəlişisiniz bu münasibətlərin inkişafına müsbət təsir göstərəcəkdir” –deyə Mərkəzi Bankın sədri Elman Rüstəmov vurğuladı.
ABŞ Maliyyə nazirinin terrorizm və maliyyə kəşfiyyati üzrə müavini Stüart Livi təmsil etdiyi qurumun ölkəmizlə, o cümlədən Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduğunu bildirdi. Stüart Livi Azərbaycana ilk səfəri olduğunu və səfər zamanı keçirdiyi görüşlərin çox məhsuldar keçdiyini qeyd etdi. “Biz də son illər çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində ikitərəfli əməkdaşlıq nəticəsində yaranmış əlaqələri müsbət qiymətləndiririk. Ümid edirəm ki, bizim münasibətlər gələcək də daha intensiv inkişaf edəcəkdir”- deyə nümayəndə heyətinin rəhbəri bildirdi.
Görüşdə həmçinin, Azərbaycan Mərkəzi Bankı ilə ABŞ maliyyə nazirliyi arasında əməkdaşlığın gələcək inkişaf perspektivləri də müzakirə edilmişdir.