18.10.2010

Biləsuvarda Milli Qəhrəman Mübariz İbrahimov adına müasir lisey-məktəb kompleksi açıldı

Bu gün Biləsuvar şəhərində Mərkəzi Bankın dəstəyi ilə yaradılan Azərbaycan Respublikasıının Milli Qəhramanı Mübariz İbrahimovun adını daşıyan müasir təhsil lisey-məktəb kompleksi açıldı.
Açılış mərasimindən əvvəl Mərkəzi Bankın sədri Elman Rüstəmov və onu müşayiət edənlər Ümummilli Lider Heydər Əliyevin abidəsini və Biləsuvar rayon Şəhidlər Xiyabanını ziyarət etdilər.
AgahMedia.Com portalının Mərkəzi Bankdan aldığı məlumata görə, “Beynəlxalq təhsil standartlarına cavab verən məktəb-lisey kompleksinin açılmasında məqsəd şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq, hər bir şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək və liderlik keyfiyyətlərini təlqin etdirməkdən ibarətdir,” – deyə məktəb-lisey kompleksinin açılış mərasimində çıxış edən Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.
Onun sözlərinə görə, Mərkəzi Bankın dəstəyi ilə inşa edilən bu təhsil ocağı Azərbaycanın ən müasir tədris ocaqlarından biridir: “Ümummilli liderimiz Heydər Əliyev “Təhsil hər bir millətin gələcəyidir” demişdir və bu siyasət prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Xatırladaq ki, lisey-məktəb kompleksinin binasının inşası başa çatan zaman cənab Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva lisey binasında olmuşlar və yaradılmış infrastrukturu yüksək qiymətləndirmişlər. Mərkəzi Bank olaraq bu məktəbi inşa etməklə bərabər diqqətimiz daima bu uşaqların üzərində olacaq və tam əmin ola bilərsiniz ki, onların səsi dünyanın aparıcı təhsil ocaqlarından gələcək”.
Açılış mərasimində eyni zamanda Biləsuvar rayon icra başçısı Adil Məmmədov, millət vəkili Xanhüseyn Kazımlı, məktəbin adını daşıdığı Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun atası Ağakərim İbrahimov məktəbin pedaqoji kollektivi və şagirdlərini təbrik etdilər.
Biləsuvar lisey-məktəb kompleksində hazırda 107 şagird təhsil alır, növbəti dərs ilindən isə onların sayının 250-300 nəfərə çatacağı ğözlənilir. 34 nəfərdən ibarət məktəbin pedoqoji kollektivi test üsulu ilə keçirilən silsilə imtahanlar vasitəsilə seçilib. Ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir beynəlxalq standartlara cavab verən işıqlandırma, havalandırma, isitmə-soyutma sistemləri, su təmizləyici qurğu quraşdırılıb.
Liseydə 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zalları fəaliyyət göstərir. Kompleksdə həmçinin müasir standartlara cavab verən Wi-Fi internet şəbəkəsi ilə təchiz edilmiş kitabxana da fəaliyyət göstərir, eləcə də sinif otaqlarına 5 elektron lövhə (“ağıllı lövhə”) də quraşdırılıb. Birinci mərtəbədə fəaliyyət göstərən “Açıq Sinif” otağında valideynlər arzu edilən təqdirdə dərslərin gedişatını birbaşa izləyə bilərlər.
Təhsil siteminin keyfiyyətini artırmaq məqsədi ilə liseydə ödənişsiz təhsil, lisey geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təminat, aztəminatlı uşaqlara yardım məqsədi ilə xüsusi lisey fondu, 5-40 kilometr məsafədə yaşayan şagird və müəllimlərin xüsusi avtobuslarla daşınması təşkil olunub.
Təhsil kompleksində şagirdlərin asudə vaxtlarını səmərəli keçirmələri məqsədilə müxtəlif klublar, dərnəklər, idman seksiyaları, mahnı və rəqs ansamblı, lisey teatrının yaradılması nəzərdə tutulub. Sosial yönlü təhsil proqramları çərçivəsində “Məktəb jurnalistikası” və “Debat” kimi layihələr həyata keçirilir. Bununla yanaşı liseydə bir neçə xarici dilin öyrədilməsi əsas prioritetlərdən biridir.