18.10.2010

FİFA-ya qarşı ağır korrupsiya ittihamı

FİFA-nın iki nümayəndəsi səslərini 2018-ci ilin Dünya çempionatının ev sahibliyinə iddia edən ölkələrdən birinə satmaq istəyiblər. AgahMedia.Com portalının "ANS PRESS"-ə istinadən məlumatına görə, bu sensasion iddia ilə Böyük Britaniyanın “The Sunday Times” qəzeti çıxış edib. Qəzetin məlumatına görə, FİFA İcraiyyə Komitəsinin nigeriyalı üzvü Amos Adamu öz səsini 800 min dollara təklif edib. Qallmaqalın ikinci iştirakçısı-Okeaniya Futbol Konfederasiyasının prezidenti Reynald Temari isə loyallıq müqabilində mükafat kimi İdman Akademiyasının tikintisi üçün vəsait istəyib.Qeyd edək ki, oktyabrın 15-də ABŞ Dünya çempionatına ev sahibliyi iddiasından geri çəkilib. Hazırda iddiaçılar arasında Böyük Britaniya və Rusiya var. Bundan başqa, İspaniya və Portuqaliya, eləcə də Belçika və Hollandiya çempionatın keçirilməsi üçün müştərək şəkildə müraciət ediblər. FİFA 2018 və 2022-ci il Dünya çempionatlarının keçiriləcəyi ölkələri dekabrın 2-də seçəcək.