6.10.2010

"Liverpul" amerikalılara satılır

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, İngiltərənin Liverpul klubu Boston Red Sox beysbol komandasının sahiblərinə satılır.
Liverpul futbol klubu deyib ki, onun idarə heyəti klubu Amerikanın New England Sports Ventures şirkətinə satmağa razılaşıb. "Liverpul"un sədri Martin Broughton deyib ki, klub satışı başa çatdırmaq üçün lazım gələn hüquqi prosedurlardan keçməlidir.
İngiltərə Premyer Liqası da bu sövdələşməyə öz "xeyir-duasını" verməlidir. Hələlik Premyer Liqa bu barədə heç bir şərh verməyib. Eyni zamanda bu satışın həyata keçirilməsi üçün "Liverpul"un hazırkı amerikalı sahibləri Tom Hicks və George Gillett ilə mübahisənin çözülməsi lazımdır. Bundan öncə Hicks və Gillett klubun icraçı və maliyyə direktorlarını vəzifədən uzaqlaşdırmağa çalışmışdılar. Məlumata görə, onlar klubun İngiltərəli direktorlarının Liverpul komandasının maraqlarına xidmət etmədiyini və klubun New England Sports Ventures şirkətinə satılmasının onun nüfuzunun aşağı salınması olduğunu bildiriblər.