Azərbaycanın "Eurovision - 2011" təmsilçisinin seçilməsində münsiflər heyəti ilə yanaşı, tamaşaçılar da səs vermək imkanı qazanacaq. Bunu Azərbaycanın “Eurovision” müsabiqəsi üzrə musiqili koordinatoru Zəhra Bədəlbəyli deyib. Onun sözlərinə görə, budəfəki milli seçimlər keçən ilki seçimlərdən koordinal olaraq fərqlənəcək. Belə ki, bu seçimlərdə münsiflərin rəyi ilə bərabər tamaşaçıların da səsi rol oynayacaq və “Eurovision - 2011” müsabiqəsindəki təmsilçimiz 50x50 prinsipi ilə seçiləcək. Bu səbəbdən bu il Azərbaycanın İctimai Televiziya və Radio Yayımları Şirkəti xüsusi bir TV şou proyektı hazırlayır. Bu Tv Şou dünyada məşhur olan Britaniyanın “Britain`s Got Talent” TV şousunun analoqu olacaq və hətta rəngarəngliyi ilə fərqlənəcək. Bunun üçün isə Britaniyadan xüsusi mütəxəssislərin də dəvət olunacağı istisna olunmur. AgahMedia.Com portalının Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin saytına istinadən məlumatına görə, Z. Bədəlbəyli deyib ki, “Eurovision-2011” təmsilçisinin seçilməsi ilə bağlı artıq start götürən milli seçimlərdə iştirak etmək arzusunda olanların sayı artıb: “Seçimlər elan olunandan təxminən 40-a yaxın sənətçi mənə müraciət edib. Bu təkcə mənə müraciət edənlərin sayıdır. Ötən illərlə müqayisədə bu il müğənnilərin sayı daha artıqdır. Ən layiqlisi Azərbaycanı “Eurovision - 2011” müsabiqəsində təmsil edəcək”.