14.10.2010

Cinayətkar qurupun mənimsədiyi 163 milyon dolları Ermənistana göndərdiyi məlum oldu

AgahMedia.Com portalının İctimai TV-yə istinadən məlumatına görə, ABŞ-da dələduzluq yolu ilə “Medicare” tibbi sığorta şirkətindən 163 milyon mənimsəmiş ermənilərdən ibarət 73 nəfərlik cinayətkar qruplaşmanın fəaliyyətinin bəzi təfərrüatları məlum olub.
Associated Press xəbər verir ki, dəstənin başçısı 46 yaşlı Armen Kazaryan 1996-cı ildə Ermənistandan Birləşmiş Ştatlara mühacirət edib və bu ölkədə qaçqın statusu alıb. Təhqiqat zamanı məlum olub ki, status almasına rəğmən “qanuni oğru” Armen Kazaryan ötən illər ərzində dəfələrlə Ermənistana və Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə səfərlər edib. Bundan başqa cinayətkar qruplaşmanın tibbi sığorta şirkətlərindən fırıldaq yolu ilə mənimsədiyi pulları xüsusi kuryerlər vasitəsilə Ermənistana göndərdiyi də məlum olub. Qeyd edək ki, ABŞ-da erməni “qanuni oğru” Armen Kazaryanın rəhbərlik etdiyi mütəşəkkil cinayətkar qruplaşma zərərsizləşdirilib. sabiq sovet respublikalarından gəlmiş mühacirlərdən ibarət qruplaşmanın üzvləri tibbi sığortalarla bağlı dələduzluqla məşğul olurmuş. Dəstənin rəhbəri, Kaliforniyada yaşayan 46 yaşlı Armen Kazaryan həbs olunub, məhkəmə onu pul girovu müqabilində azadlığa buraxmaqdan imtina edib. Cinayətkar qruplaşmanın üzvləri “Medicare” tibbi sığorta fondundan qanunsuz yolla 163 milyon dollar vəsait mənimsəməkdə şübhəli bilinirlər. Sığorta ödənişləri əldə etmək üçün dələduzlar guya xəstələrin müalicə olunduğu, lakin əslində mövcud olmayan tibbi klinikalar şəbəkəsi təsis ediblər. Məhkəmə cinayətkar qruplaşmanın 73 üzvünə ittiham irəli sürüb. Dəstə üzvləri Nyu-York, Los-Anceles şəhərlərində, Ohayo, Corciya və Nyu-Meksiko ştatlarında cinayət əməllərini həyata keçiriblər. Cinayətkar qruplaşmanın rəhbərlərindən 34 yaşlı David Mirzoyan və 35 yaşlı Robert Tercanyan da həbs olunub. İttiham aktında ermənilərdən ibarət qruplaşmanın siqaret qaçaqmalçılığı, saxta “Viaqra” ticarəti və oğurlanmış kredit kartlarından istifadə kimi cinayətlərdə də iştirakı olduğu bildirilir. Kazaryanın qruplaşması ilə bağlı iş tibbi sığorta sahəsində ən irimiqyaslı cinayət hesab olunur.