14.10.2010

Azərbaycan Sığortaçılar Assosiasiyasına yeni sədr seçildi

Azərbaycan Sığortaçılar Asossiasiyasının (ASA) təsisçilərinin ümumi yığıncağında növbəti iki il müddətinə Azər Əliyev asossiasiyanın Müşahidə Şurasının sədri vəzifəsinə seçilib.
AgahMedia.Com portalının ANS PRESS-ə istinadən məlumatına görə, 27 təsisçinin qatıldığı yığıncağın gündəliyinə 5 əsas məsələ salınıb. Təsisçilər 2010-cu ilin 3-cü rübünə dair ASA-nın gördüyü işlərin hesabatı, 2009-cu ilin 4-cü rübündən qalan borcların 2010-cu ilin büdcəsindən ödənilməsinə dair maliyyə hesabatları, 2010-cu ilin maliyyə hesabatları, 2010-cu ilə qədər sığortaçıların ASA İB-nə olan borcları, ASA İB-nin yeni sədrinin seçilməsi məsələlərinə dair müzakirələr aparıb.Ümumi yığıncaqda A.Əliyevin Müşahidə Şurasının sədri kimi fəaliyyəti və əldə olunan nəticələr yüksək qiymətləndiriərək bildirilib ki, 28 sentyabr 2010-cu il tarixində ASA-nın Müşahidə Şurasının Yığıncağı keçirilib və yığıncaqda bir sıra qərarlar qəbul edilib. Yığıncaq zamanı həmçinin assosiasiyanın həyata keçirdiyi bir neçə mühüm uzunmüddətli layihələrin icrasının A.Əliyev tərəfindən yerinə yetirilməsi daha məqsədəuyğun hesab edilib. Yuxarıda sadalananları nəzərə alaraq Asossiasiyanın sədri vəzifəsinə digər namizədlər könüllü olaraq növbəti illər üçün ASA-nın Müşahidə Şurasının sədri olmaq hüquqlarından A.Əliyevin xeyrinə imtina etdiklərini elan edib və bununla bağlı Azər Əliyevin növbəti 2 il müddətinə Müşahidə Şurasının sədri vəzifəsinə seçilməsini təklif ediblər.Verilən təklif ASA təsisçilərinin ümumi yığıncağında yekdilliliklə qəbul edilib və A.Əliyev daha növbəti iki il müddətinə assosiasiyanın sədri seçilib. Xatırladaq ki, 29 dekabr 2006-cı ildə yaradılan və 28 üzvü olan assosiasiyanın əsas məqsədi Azərbaycanda fəaliyyət göstərən sığorta və təkrarsığorta şirkətlərinin inkişaf etməsinə köməklik göstərmək, onların sosial- iqtisadi, məlumat və digər inkişaf proqramlarını inkişaf etdirmək və bu sahədə elmi bilgilərini artırmaqdan ibarətdir.