27.07.2011

Ermənistandan kütləvi axın…

AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Ermənistan prezidenti ölkədə mühacirət təmayülləri və mühacirət siyasəti məsələləri ilə bağlı keçirdiyi müşavirədə son 4 ay ərzində Ermənistanı 45 min adamın tərk etdiyini deyib. Serj Sarkisyan bu vəziyyətin “bəzi dairələr tərəfindən şüara çevrildiyini və qara boyalarla təsvir etmək üçün istifadə edildiyini” bildirib. O, Ermənistanda mühacirətin “obyektiv” səbəblərinin olduğunu və bunun “mövsümi” xarakter daşıdğını deyib. “Yanvar-may aylarında ölkədən gedənlərin sayı artır, iyunda geri qayıdanların, qalan yay aylarında və sentyabrda yenidən gedənlərin sayı artır, ilin sonunda isə qayıdanların sayı daha çox olur” – deyib Serj Sarkisyan.
Ermənistan prezidentinin sözlərinə görə, bu tendensiya əhalinin bir hissəsinin ilin əvvəlində işləmək üçün xaricə, xüsusilə, MDB ölkələrinə yollanmasına və ilin sonunda geri dönməsinə dəlalət edir.
Eyni zamanda Serj Sarkisyanın təqdim etdiyi rəqəmlər mühacirət balansının mənfi olduğunu göstərib: “2000-ci ildə 57 min adam Ermənistana qayıtmayıb, 2001-ci ildə – 60 min, lakin 2004-2006-cı illər ərzində müsbət balans qeydə alınıb. Son illər Ermənistana qayıtmayanların sayı 23-29 min təşkil edir”.
Ermənistan Prezidenti hesab edir ki, muhacirətin mənfi nisbətini tamamilə ləğv etmək üçün “ölkədə insanların ölkəni tərk etməsinə səbəb olan şəraitlər yaradılmalıdır”.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, Serj Sarkisyan Rusiyaya müraciət edərək Federal Miqrasiya Xidmətinin “Həmvətənlər” dövlət proqramının tətbiqini dayandırmağı xahiş edib. Proqram keçmiş sovet ölkələrindən olan işçiləri Rusiyaya gəlməyə həvəsləndirir.
Proqramın həyata keçirilməsi üçün Yerevanda və Gümridə qəbul məntəqələri fəaliyyət göstərir.
Proqram üzrə, Ermənistan vətəndaşlırına Rusiyanın ucqar bölgələrində iş təklif edilir, köçmək üçün yardım göstərilir və 6 aydan sonra Rusiya vətəndaşlığı verilir.
Ailə üzvlərinin sayından asılı olaraq və məskunlaşdığı yerdə -əsasən, Sibirdə və Uzaq Şərq bölgələrində iki ildən az yaşamamaq şərtilə, köçkünlərə 4 mindən 8 minə qədər dollar həcmində birdəfəlik nəğd maliyyə yardımı göstərilir.
Təhlilçilərə görə, Ermənistanda hakimiyyət tərəfindən işlənilən proqramlar hələlik mühacirətin qarşısını ala bilmir. Əksinə, minlərlə Ermənistan vətəndaşı başqa ölkələrdə hazırlanmış layihələr üzrə vətəndən uzaqlarda məskunlaşmağa məcburdur.
Ermənistan müstəqillik əldə etdikdən sonra ölkə əhalisinin sayı 4 milyondan 3 milyona düşüb.
Yaranmış vəziyyətdən narahat olduqlarını deyən Ermənistanın bir qrup incəsənət xadimləri və ziyalıları Ermənistan prezidenti, Milli Məclisin sədri və baş nazirinə müraciət edərək mühacirətin qarşısını almaq üçün tədbirlər görməyi xahiş ediblər.
Müraciətin müəlliflərindən professor Aşot Yeğiazaryanın sözlərinə görə, beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğunun nəticələri Ermənistan əhalisinin 40-44 faizinin “öz gələcəklərini bu ölkədə görmədiyini” göstərir.
Ermənistan əhalisini mühacirətə vadar edən səbəblərdən danışan baş nazir Tiqran Sarkisyan bunun başlıca səbəbi işsizlik olduğunu bildirib.
AgahMedia.Com portalının BBC-yə istinadən məlumatına görə, sosioloji araşdırmalar göstərir ki, mühacirətin səbəbləri yalnız işsizlik yox, həm də sosial bərabərsizlik, korrupsiya, hakim dairələrinə yaxin və hakimiyyətə daxil olan oliqarx qüvvələr tərəfindən kiçik və orta biznesin əngəllənməsi, ədliyyə sisteminin ədalətsizliyi, ədalətsiz idarəetmə sistemi və başqa ictimai, sosial, iqtisadi və mənəvi problemlərdir.