30.04.2011

Mənzil bazarında ucuzlaşma qydə alınıb

2011-ci ilin mart ayı ərzində “Əmlak Bazarı İştirakçıları” İB tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Aparılan araşdırmalar zamanı ötən aylarla müqayisədə aktivliyin artması müşahidə edilib. AgahMedia.Com portalının “Əmlak Bazarı İştirakçıları” ictimai birliyindən aldığı məlumata görə, bünövrəsi qoyulan yeni tikililər arasında əsas üstünlüyü dövlət əhəmiyyətli binalar, yəni satış predmeti olmayan yeni tikililər təşkil etsə də, bazara daxil olan yaşayış binası da qeydə alınıb.
Belə ki, ay ərzində “ANT” şirkətlər qrupu tərəfindən Yeni Yasamal qəsəbəsi, Ə.Talıblı küçəsində 4 bloklu 11 mərtəbəli binanın bünövrəsi qoyularaq satışa daxil olub. Mövsümi faktorlarla müşayət edilən aktivlik ilkin mənzil bazarı binalarının sayında azalma ilə nəticələnib. Belə ki, qiymət baxımından daha ucuz mənzillərin (400-500 manat/1 kv.m) təklif edildiyi Yasamal rayonu ərazisində 5 bina satışdan çıxıb. Satışdan çıxan binalar 3 tikinti şirkətinə məxsusdur. Sözügedən şirkətlər digər binalarına görə hələ də bazar iştirakçısı olaraq qaldığından tikinti şirkətlərinin sayında heç bir dəyişiklik baş verməyib və ötən aydakı kimi 155 ədəd olub. Paytaxt üzrə tikilən yeni tikililərin sayı isə əvvəlki ayda qeydə alınan 442-yə qarşı 438 ədəd olub.
Mart ayında ilkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində nisbi azalma qeydə alınıb. Orta qiymət 0,8% azalaraq ötən aydakı 1 kv.metr üzrə 848 manata qarşı 841 manat təşkil edib. Ucuzlaşmanın əsas səbəbi mövsümi aktivliklə (ipoteka kreditinin ayrılması və s. təsirlər) əlaqədar olaraq bazarda rəqabətlilik səviyyəsinin artmasıdır. Belə ki, əksər binalarda 14-cü mərtəbədən yuxarı mənzillərin qaldığından sahibkarlar daha ucuz qiymətlər təklif edərək mənzilləri satıb bazardan çıxarmaq istəmələri və s. faktorlardır. Qiymət azalması demək olar ki, bütün rayonlar (xüsusilə Yasamal, Xətai) və kateqoriyalar (əsasən 800-1200 manat arasında olanlar, 83 ədəd) üzrə qeydə alınıbdır.
Mart ayında orta qiymətlər fevral ilə müqayisədə 0,8% azalma (1 kv.metr üzrə 848 manat) ilə yadda qaldı. Rübün və ya ilin əvvəli ilə müqayisədə fərq göstəricisi 0,8% olaraq qalıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qiymət azalması 4,4% təşkil edib. Böhran dövrü ilə müqayisədə (2008 sentyabr) bu göstəricidə 29,6% azalma qeydə alınıb.